“Bütün komandalar “Neftçi”yə qarşı mübarizə aparanda daha stimullu olur. Biz də buna hazırıq. Əsas odur ki, heyətimiz tamdır və futbolçularda hər şey qaydasındadır. Ən yaxşı şəkildə hazır olanlar “Sabah”la matçda meydana çıxacaq”.

FutbolPlanet.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov klub televiziyasına danışarkən deyib. O, daha sonra sözlərinə belə davam edib: “Deməzdim ki, hamı tam hazırdır. Bəzən oyunun hesabı futbolçulara şans verməyimizə kömək edir. Bizim məşq üçün də uzun müddətimiz, bir neçə həftəmiz yoxdur ki, yeni transferləri tam formaya salaq. Futbolçuları çox yükləmək yox, oyunlarda forma yığmalarını istəyirik. Onlar 90 dəqiqə meydanda olmağa hazır deyillər. Məşqdən çox görüşlər formaya düşməyə kömək edir. Çalışacağıq ki, yeni futbolçulara çox şans verək. Hamısı peşəkar futbolçulardır, özləri də məşqlərdə və qarşılaşmalarda çox çalışırlar. Bu da xoş haldır. Tezliklə formaya düşəcəklərinə inanıram. Meza Kollinin vəziyyəti yaxşıdır. Komanda ilə məşq edir. O, həddindən artıq həvəslidir. Harramiz Soaresə gəldikdə isə iki gündən sonra, bəlkə də sabah bizə qoşulacaq".