Üç fərqli turnirdə üç fərqli məğlubiyyət alan “Neftçi” üçün avrokubok macərası Hayfada başa çatdı. ÇL-də “Dinamo” qələbələrindən sonra “ağ-qaralar” ən yaxşı halda heç-heçə ilə azarkeşlərinə ümid verdi, nəticə vermədi.

Hələ avrokuboklar öncəsi “Neftçi”dəki problemlər qabardılmaqda, mövqelər üzrə boşluqlar yazılmaqda idi. İcrası elə də çətin görünməyən planlar kağız üzərində qaldı. Sistemli iş ortaya qoyulmadı. Elə ona görə də, nəticəsi ağır oldu. Güc nisbəti özündən üstün olmayan komandalara yenilgini düzgün olmayan klub strategiyasına, sistemsizliyə və bir o qədər də, məsuliyyətsizliyə bağlamaq olar.

Uğur insana bəlkə çox şey öyrətmir, amma uğursuzluq çox şey öyrədir. Hər uğursuzlugun bir səbəbi, bir həlli yolu olur. Axı bu o qədər də çətin bir proses, mümkünsüz bir iş deyil. O heç ki, klub rəhbərliyi səbəb kimi bəhanə belə olmayacaq sözlərlə günü günə satdı/satır. Klub nəticə qazanmaq üçün istər kəmiyyət, istərsə də keyfiyyət baxımından tədricən dəyişməlidi. Bunu rəhbərlik gözəl bilir. Bilir ki, komandada real rəqabət olduğu müddətdə bu durumdan faydalanmaq da rahat olacaq. Ancaq klub rəhbərliyi əlavə məsrəflər etmək niyyətini yaxına belə buraxmır. Ki, bunun acısını “Neftçi” və onun sadiq azarkeşləri çəkir.

“Neftçi”də hazırkı ən böyük problem məqsəd və istiqamətin eyni olmamasıdı. Faktiki klubun hədəfi bəllidi. Lakin strategiya yanlışdı və bu hədəfə çatmağa mane olan bir nömrəli səbəbdi. Bu səbəb isə klub azarkeşlərini illərdi narahat edir. Bir mövzu ki, azarkeşləri narahat edirsə bu klub rəhbərliyinin o postda çox qalmayacağına, bir vasitə ilə qalacağı təqdirdə isə hər zaman narahat olacağına dəlalət edir.

Hazırda müəyyən məsələlərin həlli, aydınlığı üçün zamana ehtiyac var. Elə buna görə də, ötən gündən geri sayım başlayıb…

 

Səxavət Qurbanov (İdmanxeber.az)