“Kim güclüdürsə, o, haqlıdır” fəlsəfəsi ilə “kim haqlıdırsa, o, güclüdür” fəlsəfəsi iki əks qütbdür. Reallıq isə bu qütblərin arasındadı.

Bu gün eyni sözləri yenicə start götürən, mövsümdə cəmi 2 turdan sonra haqsızlıqla üzləşən “Zirə” haqqında da demək olar. Hansı ki, təqvim “qartallar”ı startdaca çempionatın iki favorit komandası ilə üz-üzə qoydu. Və nəticədə qazanılan 1 xal, qeydə alınmayan qol, verilməyən penalti…

Güclü deyil, amma haqlıdır.

İstər ilk turda “Qarabağ”, istərsə də ikinci turdakı “Neftçi” matçlarında “Zirə”nin haqqı tapdalandı. İlk turda “Qarabağ”la oyunda hesab 1-1 ikən “Zirə”nin “təmiz” qolu sayılmır və komanda mümkün 3 xaldan cəmi 1-ini qazana bilir. AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik də qolun qaydalar çərçivəsində vurulduğunu açıqlayır, hakimlərin səhv qərar verdiyini təsdiqləyir.

İkinci tur, ikinci oyun… Bu dəfə rəqib son çempion “Neftçi”di. İlk hissə qolsuz başa çatıb, ikinci yarıda “Zirə”nin xeyrinə verilməli olan penalti və hakimin fiti susur. “İlk qolu kim vursa, qələbəni də o qazana bilər” – deyilən matçda “Neftçi” 3 xalı aktivinə yazır.

Bəli, “Zirə” ötən gün meydanda “Neftçi”yə nisbətdə zəif görünürdü. Ancaq bu hakimin penalti qərarı verməsinə mane ola biləcək amil deyil. Ölkə futbolunda hakim səhvləri hər zaman olub və olacaq. Ancaq iki turdan sonra eyni komandaya qarşı belə səhvləri sonuncu dəfə hansı klub yaşamışdı, xatırlamıram…

Gənc baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransındakı üsyanından xəbərdarsınız.  Artıq 180 dəqiqəlik oyunların sonunda “bezmişəm” deyir. Ölkə futbolunun qazana biləcəyi gənc kadr bezib, küsdürülür. Bir neçə ildi baş məşqçi olan kəsdən gedir e, söhbət… O kəs ki, adını Azərbaycan futboluna qızıl hərflərlə yazıdırb. O kəs ki, indi baş məşqçi kimi özünü isbatlamaq mərhələsini uğurla keçməyə çalışır. Və buna süni maneələr törədilərək, qarşısı alınır.

Komandasını liderlərlə oyuna xüsusi həvəslə, motivasiya ilə hazırlayan məşqçiləri belə ciddi, oyunun nəticəsinə təsir edəcək səhvlərlə itirmək qorxusu yaranıb. O qorxunu lazımı qurumlar hiss etməlidi. Bu gün ölkə futbolu Rəşad Sadıqov kimi perespektivli baş məşqçi qazanmaq astanasıda ikən ona bu formada badalaq vurmaq, küsdürmək ədalətsizlikdi, haqsızlıqdı!

Ədalətsizliyin üç növü var: adi zorakılıq, qanun adıyla pərdələnən zorakılıq, bir də qanunun öz qəddarlığı. Ötən mövsümün sonu və bu mövsümün əvvəlindəki haqsızlıqları nəzərə alsaq “Zirə” hər üç növlə “tənbeh” edilir.

Səxavət Qurbanov (İdmanxeber.Az)