Bu gün Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb. FutbolPlanet.Az xəbər verir ki, ölkəmizi Avrokuboklarda təmsil edən "Neftçi" və "Qarabağ"ın rəqibləri bəlli olub.

"Neftçi" Avropa Liqasının III təsnifat mərhələsində Finlandiyanın HİK klubu ilə qarşılaşacaq. "Ağ-qaralar" bu mübarizədən qalib ayrılsa, pley-offda "Fənərbağça" ilə görüşəcək.

Paytaxt təmsilçisi HİK səddini keçə bilməsə, mübarizəni Konfrans Liqasında davam etdirməli olacaq və bu turnirin pley-off mərhələsində “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibi ilə görüşəcək. İlk oyun evdə olacaq.

Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu "Qarabağ" isə III təsnifat mərhələsində Kipr AEL-i ilə üz-üzə gələcək. Ağdam təmsilçisi bu mübarizədən qalib ayrılsa, pley-offda "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Püşkə əsasən, vitse-çempionumuz da ilk matçını evdə keçirəcək.