UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"la qarşılaşacaq "Qarabağ" matça itkilərlə çıxacaq. FutbolPlanet.Az xəbər verir ki, Azərbaycan təmsilçisinin heyətində Filip Ozobiç cəza üzündən qarşıdakı oyunu buraxacaq. Azərbaycan yığmasının heyətində koronavirus testləri müsbət olan kapitan Maksim Medvedev və müdafiəçi Rahil Məmmədov da İstanbula aparılmayıb. Zədəli olan digər 3 futbolçunun durumuna isə oyun ərəfəsində aydınlıq gələcək. Bunlar Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovdur. Onlar bu gün Türkiyəyə yollanan heyətdə yer alıb. Lakin yalnız Bədavi Hüseynovun vəziyyəti komanda yoldaşlarına nisbətən yaxşıdır.

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb (Report).