Millimizin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib. FutbolPlanet.Az xəbər verir ki, müsahibə zamanı o,  əvvəlcə İtaliya A seriyasında komandaların çempionluq şansları haqda danışıb: "Mövsümün hazırkı mərhələsində kimin favorit olduğunu demək çətindir. "Yuventus" hər zaman hamının məğlub etmək istədiyi komanda olacaq".

İtaliyalı mütəxəssis 8 turdan sonra 20 xalla turnir cədvəlinə başçılıq edən "Milan"ın çıxışına təəccübləndiyini bildirib: "Baş məşqçi Stefano Pioli gənclərdən maksimum yararlanaraq, yaxşı balans yarada bilib. "Milan"da gənc bir komanda var. Komanda bu mütəxəssislə uzağa gedə bilər. Amma "İnter"ə diqqət etmək lazımdır. Çünki keyfiyyətli klubdur.. Antonio Konte təcrübəsi və qətiyyəti sayəsində daha yaxşını edə bilər. Mövsümün sonunda "Milan", "Yuventus", "İnter" və "Roma"nın Çempionlar Liqasına vəsiqə qazanacağını düşünürəm".

Byazi "Milan"ın hücumçusu Zlatan İbrahimoviçlə "Yuventus"un oyunçusu  Kriştiano Ronaldonu müqayisə edib: "İbrahimoviç Ronaldodan daha qəttiyətlidir. Yuventus" Ronaldusuz da güclü olacaq. Kriştianonun əhəmiyyətini azaltmaq istəmirəm. Çünki bu, axmaqlıq olardı (gülür). Amma xarakterinə görə İbrahimoviç "Milan"ın mütləq lideridir. O, baş məşqçiyə həm gənc futbolçuları, həm də paltardəyişmə otağındakı vəziyyəti idarə etməkdə köməklik göstərir. O, eyni zamanda bir çox gənc istedadın idarə edilməsində də məşqçiyə kömək edir".

64 yaşlı çalışdırıcı Ronaldo və İbrahimoviçin tamamilə fərqli xüsusiyyətə sahib iki oyunçu olduğunu da vurğulayıb.