Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçiriləcək. FutbolPlanet.Az xəbər verir ki, “Zirə” mövsümdə 2-ci qarşılaşmasında “Səbail”lə görüşəcək. İlk turda səfərdə “Qəbələ” ilə heç-heçə edən (1:1) “qartallar” yenə rəqib meydanında qüvvəsini sınayacaq. “ASCO Arena”da keçiriləcək oyun komandaların ölkə çempionatında 12-ci dueli olacaq. “Zirə” Premyer Liqada 11 dəfə “Səbail”lə üz-üzə gəlib. Paytaxt klubları ilk dəfə 2017/18 mövsümündə görüşüb. Hesabında 6 qələbə olan “qartallar” 2 görüşdən bir xalla ayrılıb. 3 matçda isə “Səbail” qalib gəlib. Son 2 qarşılaşmada inamlı qələbələr qazanan komanda top fərqində də üstünlüyə malikdir – 15:7. “Qartallar”ın heyətində 13 futbolçu qol sevinci yaşayıb. “Zirə”nin üstünlüyü səfər oyunlarında da müşahidə olunur. Keçirilən 6 matçda 4 dəfə üç xala sevinən “qartallar” səfərdən iki dəfə məğlub ayrılıb. Aktivində 7 qol olan "Zirə" 2 top buraxıb.