Bəlkə də çoxları fərqində deyil - 10 milyondan çox əhalisi olan Azərbaycanda cəmi 13 Peşəkar Futbol Klubu var. Əlbəttə, onların hamısını peşəkar adlandırmaq mümkündürsə. Bu o deməkdir ki, hər 770 min vətəndaşa 1 klub düşür.

Bəlkə də çoxları fərqində deyil - 66 inzibati rayonu, 11 respublika tabeli şəhəri olan ölkədə cəmi 13 klub var. Bakını və paytaxtı təmsil edən, burada məskunlaşanları çıxsaq, hər 14 rayon və şəhərə 1 klub düşür.

Bəlkə də çoxları fərqində deyil - respublikada dövlət tərəfindən 47 İdman Olimpiya Kompleksi inşa edilib. Onlardan çoxunda futbol meydanları var və əksəriyyəti boş qalıb.

Bəlkə də çoxları fərqində deyil - Azərbaycanda futbol məhv olmaq üzrədir.

Yox, deyəsən, hər kəs fərqindədir, təkcə futbolumuza cavabdehlik daşıyan və onu məhvə sürükləyənlərdən başqa.

Yalan vəd və ya pandemiya bəhanəsi

Avqustun 21-də Azərbaycanda növbəti futbol mövsümü başladı. Əvvəlki 4 mövsümdə olduğu kimi, bu il də Premyer Liqanı 8 komanda "bəzəyəcək". Doğrudur, hələ pandemiyadan əvvəl AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov əminliklə bu mövsüm Premyer Liqada komanda sayının artırılacağını, 10 komandanın iştirak edəcəyini demişdi. Amma koronavirus imkan vermədi. Əslində, koronavirus bəhanə idi. Pandemiya təkcə Azərbaycanda deyil, dünyada tüğyan edir və bəzi ölkələrdə çempionatların iştirakçılarının sayı bizdən fərqli olaraq azaldılmaq əvəzinə artırılır. Mətləbdən uzaqlaşmayaq, Premyer Liqadan başqa, ölkəmizdə peşəkar klubların iştirak etdiyi daha bir yarış keçirilir - 1-ci Divizion. Hələ ki "aşağı"da çempionatın nə vaxt başlayacağı, neçə komandanın iştirak edəcəyi bəlli deyil. Deyilənə görə, 1-ci Divizionda çempionatın startı oktyabr ayına nəzərdə tutulub. Gecikmənin səbəbi isə komanda tapılmamasıdır.

Ötən il Divizionda 13 komanda iştirak edirdi. Onlardan 7-i Premyer Liqa təmsilçilərinin əvəzedici komandaları, 6-ı isə klublar idi. "6-lıq"dan "Ağsu" çempionatın gedişində oyun alğı-satqısına görə birincilikdən kənarlaşdırıldı. Qaldı 12 komanda. Bu il isə "Zirə" və "Səbail"in əvəzedici komandanı ləğv etməsindən sonra say 10-a enib - 5 əvəzedici və 5 klub. Onlardan 3-ü, o cümlədən, Premyer Liqada iştirak edən 8 komandanın azı yarısı birbaşa AFFA-nın maliyyə yardımı ilə həyatda qalır və reallıqda peşəkarlıqdan xeyli uzaqdılar - oynamağa topları olsa da, "topxana"ları yoxdur. Hər halda hamısını peşəkar hesab etsək, ölkədə cəmi 13 Peşəkar Futbol Klubunun olduğunu görərik.

Albanlardan, makedoniyalılardan nəyimiz əskikdir?

Premyer Liqadan cəmi 6 gün sonra Avropa Liqasında yeni mövsüm start götürdü. Pandemiya səbəbindən UEFA mərhələnin 1 oyundan ibarət olması barədə xeyli əvvəl qərar vermişdi. Avroliqada ölkəmizi təmsil edən trio - "Neftçi", "Keşlə" və "Sumqayıt"ın iki mənada bəxti gətirdi. Birincisi, püşk onlara münasib rəqiblər "hədiyyə etmişdi". İkincisi isə, hər 3 komandamız rəqiblə evdə oynayırdı. Amma Albaniyanın "Laçi"si "Keşlə"ni, Şimali Makedoniyanın "Şkendiya"sı isə "Sumqayıt"ı mübarizədən kənarlaşdırdı. "Neftçi" isə "Şkendiya"nın həmyerlisi "Şkupi"ni çətinliklə məğlub edə bildi. Həm Albaniya, həm də Şimali Makedoniya ərazisinə, əhalisinə və yaşayış səviyyəsinə görə Azərbaycandan xeyli geridə qalır. Albaniyanın ərazisi 28,7 min kv.km, əhalisi isə 3,5 milyon civarındadır. Şimali Makedoniyada isə bu rəqəmlər uyğun olaraq 25,71 min kv.km və 2,2 milyondur. Hansısa ölkənin ərazisinin kiçikliyinin, əhalisinin azlığının futbola dəxli olmadığını iddia edənlərin nəzərinə: həm Albaniya, həm də Şimali Makedoniya yaşayış səviyyəsidə görə də Azərbaycandan xeyli geridədir. Bunu sözügedən ölkələrin Ümumi Daxili Məhsuluna və adambaşına düşən gəlirlərinə nəzər salmaqla deyirik. Yeri gəlmişkən, Avropanın ən kasıb ölkələri arasında Şimali Makedoniya 5-ci, Albaniya isə 3-cü yerdə qərarlaşıb. Yəni hər iki dövlət bütün komponentlərdə Azəraycandan geri qalır. Yalnız futbol klublarından başqa. Albaniya Superliqasında 10 komanda mübarizə aparır. 1-ci Divizionda isə 2 qrupda 10 komanda olmaqla 20. Cəmi 30 komanda. Şimali Makedoniyada da oxşar vəziyyətdir. I MFL-də 12, II MFL-də isə 20 olmaqla 32 klub.

Avropada da...

UEFA-ya üzv olan 55 ölkədən yalnız Lixtenşteyndə daxili çempionat keçirilmir. Bu ölkənin 7 komandası İsveçrənin müxtəlif liqalarında yarışırlar. Qalan 54 ölkənin hər birində azı 2 liqada yarışlar keçirilir. Təəssüf ki, 54 ölkə arasında Azərbaycan klub sayına görə sonuncu yerdədir. Təsəlli tapa biləcəyimiz yeganə məqam eyni rəqəmin Litvaya da aid olmasıdır. Litva A Liqasında 6, 1-ci Liqada isə 8 komanda var. Onlardan yalnız 1-i - "Panavejis"in əvəzediciləri çempionatda müsabiqədənkənar iştirak edir. Qalır bizdəki kimi 13 təmsilçi və ya 13 klub.

Bizdən kasıb ölkələr bir yana, hamısını bir yerə toplasaq, Bakının ərazisi qədər olmayan cırtdan ölkələrdə də klub sayı Azərbaycandan çoxdur. Şübhə edənlərin nəzərinə: Atlantik okeanının şimalında yerləşən, 1.4 min kv.km ərazisi, 50 min əhalisi olan Farer adalarının 3 peşəkar liqası mövcüddür və hər 3 birincilikdə 10 komanda olmaqla 30 iştirakçı var. Doğrudur, onlardan 13-ü Premyer Liqa klublarının 2-ci və 3-cü komandalarıdır. Qalan 17 klub isə müstəqildir. Ərazisi 468 kv.km, əhalisi 80 min olan Andorranın Premyer Divizionunda 8 komanda, 1-ci Divizionda isə 10 komanda çıxış edir. Onlardan 3-nü - yuxarı eşalonda çıxış edənlərin "B" komandalarını çıxsaq, "ölkəcik"də 15 klubun olduğunu görərik. Ərazisi 61,2 kv.km, əhalisi 33 min olan San-Marinoda da komanda sayı 15-di. Hələ Cəbəllütariqi demirik. Ərazisi 6,8 kv.km, əhalisi 30 mini keçməyən Cəbəllütariqin Milli Liqasında 12, 1-ci Liqasında isə 7 komanda var. Bu 4 ölkənin bir yerdə ərazisi Bakıdan kiçikdi. Əhalidən isə söz açmağa dəyməz.

... MDB-də də sonuncuyuq

Peşəkar klub sayına görə keçmiş SSRİ respublikaları arasında da aşkar autsayderik. Ərazisinə və əhalisinə görə bizdən dəfələrlə böyük ölkələrlə işimiz yoxdur. Söhbət klubları və milliləri UEFA bayrağı altında keçirilən yarışlarda iştirak edən Rusiyadan, Ukraynadan, Belarusdan, Qazaxıstandan, həmçinin, Asiya Futbol Federasiyasının üzvü olan Özbəkistandan gedir. Bəs digərləri?

Estoniyada 17, Latviyada 19, Moldovada 24 (bu ölkənin 2-ci liqasında əlavə 24 komanda iştirak edir - red.), Gürcüstanda 20 komanda çempionatlarda iştirak edir. Futboluna yuxarıdan aşağı baxdığımız Orta Asiya dövlətləri ilə müqayisədə də geridəyik. Türkmənistanda 40, Asiya qitəsinin ən kasıb 6-cı ölkəsi Qırğızıstanda 18, ən kasıb 4-cü ölkəsi Tacikistanda isə 22 klub mövcuddur. Kasıblardan söz düşmüşkən, yaşayış səviyyəsinə görə dünyanın ən kasıb 10 ölkəsində - Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Liberiya, Burundi, Malavi, Niger, Qvineya, Mozambik, Toqo və Qvineya-Bisauda klub sayı bizimlə müqayisədə çoxdur.

Hələ görün dünyanın harasıdır ki, Allahın Ermənistanında da klub sayı 15-dir. Ermənistan Premyer Liqasında 10, 1-ci Liqada isə 11 komanda yarışır. 1-ci Liqadakı təmsilçilərin 6-nın əvəzedici komandalar olduğunu nəzərə alsaq, klub sayı məhz 15 edir.

Yaxşı ki, Litva var demək istədik. Amma nəzərə alaq ki, Litva MDB üzvü deyil...

"Qədim zamanlarda" belə deyildi

İlk milli çempionatımızı yada salaq. 1992-ci ildə Yüksək Dəstədə 26, 1-ci Dəstədə isə 10 komanda olmaqla cəmi 36 iştirakçı var idi. 1 il sonra iştirakçıların sayı 37-ə yüksəldi. Hətta 1995/96-cı illər mövsümündə 2-ci Liqa da təşkil olunmuş, 3 liqada ümumilikdə 38 komanda iştirak etmişdi. Əlbəttə, burada çempionatı yarımçıq dayandıran komandaları nəzərə almırıq. Təəssüf ki, bu rəqəm get-gedə azalmağa başladı. Əsas da futbolumuza dövlət tərəfindən daha çox diqqət ayrıldıqdan, futbolun inkişafını nəzərdə tutan 10 illik dövlət proqramının icrası zamanı. 2003-cü ildə Fuad Musayevin yerinə Ramiz Mirzəyevin AFFA prezidenti seçilməsi ilə yanaşı, futbola böyük pullar yatırıldı. İstər dövlət, istərsə də ayrı-ayrı imkanlı şəxslər futbolumuza sərmayə ayırmağa başladılar. Düşünmək olardı ki, bir neçə ildən sonra Azərbaycan dünyada futbol ölkəsi kimi tanınacaq. Təəssüf ki, bu, arzu olaraq qaldı. 2007-ci ildə Ramiz Mirzəyevin dünyasını dəyişməsindən 1 il sonra Rövnəq Abdullayev AFFA prezidenti seçildi. Bundan bir il əvvəl isə gənc Elxan Məmmədov qurumun baş katibi təyin olunmuşdu. Tənəzzül də, klubların sayının ilbəil azalması da elə o vaxtdan başladı. Premyer Liqa 2009-cu ildən 12, 2013-cü ildən 10, 2016-cı ildən isə 8 komanda ilə keçirilir. Bu da son deyil. 2 il əvvəl ölkədə 1-2 komanda deyil, bütöv bir çempionat ləğv edildi. Söhbət əvəzedicilərin birinciliyindən gedir. 1-ci Divizionda iştirakçıların say azlığına görə əvəzedicilər məhz həmin birincilikdə oynamağa təhkim olundular.

Bu gün Azərbaycan cəmi 13 klubun ümidinə qalıb. Bugünkü yarıtmaz futbol siyasəti futbolumuzu tənəzzülə aparmaqla yanaşı, klublarımızı da məhvə sürükləyib. İki göz gərəkdir ki, oturub futbolumuzun bu acınacaqlı gününü ağlasın. Halbuki dövlətin futbolumuza ayırdığı milyonlarla pul mənasız layihələrə, səviyyəsiz əcnəbi məşqçilərə və koordinatorlara, Azərbaycanla bağlılığı olmayan legionerlərə, başqa nəsnələrə deyil, təyinatı üzrə xərclənsəydi... indi tamamilə fərqli yazı oxuyacaqdınız.

 

İlqar Tağıyev / "525-ci qəzet"