Bu gün saytımızın həvəskar komandalar arasında təşkil etdiyi "FP Liqa" mini-futbol çempionatında yarımfinalın ilk oyunları start götürüb. FutbolPlanet.Az xəbər verir ki, bu mərhələnin açılış matçında "Sintra" və "Old Baku" komandaları üz-üzə gəlib.

Yer aldığı B qrupunun ilk dövrəsində uğursuz nəticələrə imza atan "Sintra", ikinci dövrədəki mübarizəsi ilə qrup mərhələsini "ilk 4-lük"də qapayaraq, 8 komanda sırasına daxil olmağı bacarıb. Həmçinin, bu komanda hazırki rəqibi - həmin qrupda ikinci yeri tutmuş "Old Baku" ilə oyunlarda inamlı çıxışı ilə yadda qalıb. Belə ki, birinci dövrədə baş tutan matçda "Sintra" futbolçuları qələbə qazanıb - 4:3. Bu komandaların ikinci dövrədəki qarşılaşması da olduqca baxımlı və gərgin alınıb. Yekunda tərəflər hərəyə 1 xalla kifayətlənib - 1:1. Beləliklə, qrup mərhələsində rəqibindən cəmi 1 xal qoparan "Old Baku" komandası revanş almaq üçün əla fürsət yaxalamışdı. Lakin onlar bu şansdan yararlana bilmədi. Belə ki, rəqibindən daha güclü görünən "Sintra" oyunçuları yekunda qələbəyə sevindi. 

Yarımfinalın digər görüşündə "Kristal" və "Airswift-Milan" qarşılaşıb. Çoxları bu dueli erkən final adlandırırdı. Bu da həmin komandaların eyni gücə malik olmalarından xəbər verirdi. İlk dövrədə reallaşan matçda 6:6 hesablı bərabərlik qeydə alınmışdı. İkinci dövrədəki oyunda isə "Airswift-Milan" komandası qələbəyə sevinmişdi - 4:3. Nəticələrdən göründüyü kimi, sözügedən komandaların cari mövsümdə keçirdikləri 3-cü duel də gərgin və dramatik alınmalı idi ki, bu, belə də oldu. Sonda, oyunboyu bərabər səviyyəli mübarizə aparan kollektivlərin duelindən "Airswift-Milan" komandası qalibiyyətlə ayrılmağı bacardı.

Maraq üçün bildirək ki, yarımfinalda 2 oyunun nəticəsinə görə, uduzanlar 3-cü yer uğrunda oyuna çıxacaq. Qələbə qazanan kollektivlər isə həlledici görüşə vəsiqəni təmin edəcək.

 

29 may (bazar günü)

FutbolPlanet.Az Liqası

Yarımfinal, ilk oyunlar

 

16:00. "Sintra" - "Old Baku" 6:4

Baş hakim: Nahid Xasıyev

Köməkçi hakim: Səbuhi Bayramov

Bakı, "AzFar" (Azadlıq Metrosunun yaxınlığı)

 

17:00. "Kristal" - "Airswift-Milan" 3:4

Baş hakim: Nahid Xasıyev

Köməkçi hakim: Səbuhi Bayramov

Bakı, "AzFar" (Azadlıq Metrosunun yaxınlığı)