Topaz Premyer Liqasının 2015/16 mövsümünün çempionu “Qarabağ” yeni rekorda imza atıb. FutbolPlanet.Az xəbər verir ki, Ağdam klubu mövsümü ən böyük xal fərqi ilə başa vuran komanda adını qazanıb.

2015/16 mövsümünü 84 xalla bitirən Qurban Qurbanovun yetirmələri ən yaxın izləyicisi “Zirə”ni 22 xal arxada qoyub. Azərbaycan çempionatlarının 24 illik tarixində heç bir komanda yekun cədvəlində belə böyük fərqlə nail olmayıb. “Qarabağ”ın rekordunadək ən yaxşı nəticə “Kəpəz”ə məxsus idi. Qərblilər 1997/98 mövsümündə 26 matçda 70 xal toplayaraq 2-ci olan “Dinamo”dan 16 xal öndə qərarlaşıb. Sonuncu turda “Qarabağ”ın AZAL-ı 3:0 hesabı ilə məğlub etməsi, “Zirə”nin isə “İnter”ə 0:1 hesabı ilə uduzması yeni rekordu rəsmiləşdirib. Əks halda isə 18 il əvvəlki rekord təkrarlanmış olacaqdı. “Qarabağ” həm də 84 xal toplamaqla qələbəyə görə 3 xalın verildiyi çempionatlarda bir mövsümdə ən çox xal qazanan komanda adına yiyələnib. Bunadək rekord 1998/99 mövsümümdə ümumi hesabda 83 xal yığan “Kəpəz”ə məxsus idi. Hərçənd, iki mərhələdə keçirilən həmin yarışda xallar mərhələlər üçün fərqli hesablanıb.