Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici komandaları arasında yarışın son turu rekordla əlamətdar olub. FutbolPlanet.Az xəbər verir ki, 13 qolun vurulduğu “Rəvan” – “Xəzər Lənkəran” matçı əvəzedicilərin çempionatları tarixinin ən məhsuldar görüşüdür.

Meydan sahiblərinin 9:4 hesabı ilə qalib gəldiyi oyunadək rekord əvəzedicilərin qərb derbisinə məxsus idi. “Kəpəz”in 1997/98 mövsümündə “Turan”ı 12:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada 12 qol qeydə alınmışdı. Ümumiyyətlə isə “Rəvan” – “Xəzər Lənkəran” oyunu təxminən son 12 il yarım ərzində Azərbaycan futbolunun ən qollu oyunudur. Premyer Liqa, I divizion, əvəzedicilərin yarışı və Azərbaycan kuboku turnirlərinin hamısında baş tutan görüşlərə nəzər salsaq, ən azı 13 qolun qeydə alındığı son matç 2003-cü il oktyabrın 19-na təsadüf edib. Həmin vaxt kubokun 1/8 final mərhələsinin ilk matçında “Lider Qarabağ”la üz-üzə gələn “Şəfa” 14:0 hesabı ilə qalib gəlib.