“Qarabağ” Topaz Premyer Liqasında ardıcıl 10-cu qələbəsini qazanıb. FutbolPlanet.Az xəbər verir ki, bu, klub tarixinin Azərbaycan çempionatlarındakı yeni rekordudur.

Ötən tur 5 il əvvəlki rekordunu təkrarlayan Ağdam təmsilçisi XXXIII turun “Sumqayıt”la ev oyununda qalib gəlib, seriyasını 10-a çatdırıb. 1:0-la gələn 10-cu qələbəni qazandıran qol isə yubiley xarakteri daşıyıb. Belə ki, Əfran İsmayılovun 3 xal qazandıran qolu “Qarabağ”ın Azərbaycan çempionatları tarixində öz meydanında vurduğu 600-cü qol olub. Bu göstəricidə yalnız 701 qol vuran “Neftçi”dən geri qalan Ağdam təmsilçisi 600-ə 338-ci matçda çatıb. 227 qələbə qazanıb, 65 heç-heçə edib, 46 dəfə uduzduğu görüşlərdə əyalət klubu 237 qol buraxıb.