Futbol üzrə Azərbaycan I divizionda çempionatın sonuna 1 tur qalmış qızıl medalları təmin edən “Neftçala” ölkə futbolu tarixinə düşüb. FutbolPlanet.Az xəbər verir ki, əyalət klubu aşağı divizionda 2 dəfə qalib adını qazanan ilk və yeganə komandadır.

1992-ci ildən keçirilən yarışda indiyədək 21 dəfə çempion müəyyənləşib. Bu titula 20 komanda layiq görülüb. Ötən il çempion olub, Premyer Liqaya çıxış üçün lisenziya ala bilməyən neftçalalılar yenidən mübarizə apardığı I divizionda titulunu qoruya bilib. Onlara qədər fasilələrlə də aşağı dəstədə çıxış edənlərin heç biri iki çempionluq qazanmayıb.

Xatırladaq ki, 1993/94 mövsümündə I dəstə 3 qrupda keçirilib və final mərhələsi iki “üçlük”də baş tutub. Amma bu mərhələnin qalibi olan “Zabrat” (Bakı) ilə “Azneftyağ” (Bakı) arasında çempionluq uğrunda matç keçirilməyib. 1997/98 və 1998/99 mövsümlərində ümumiyyətlə I dəstə olmayıbsa, 2002/03 mövsümündə Azərbaycanda çempionat baş tutmayıb.

 

I divizionun qalibləri:

1992. “Nicat” (Maştağa)

1993. “Xəzri” (Buzovna)

1993/94. Çempion müəyyənləşməyib

1994/95. “Şəmkir”

1995/96. “Xəzər” (Sumqayıt)

1996/97. “Göyçay”

1997/98. Keçirilməyib

1998/99. Keçirilməyib

1999/2000. “Şahdağ” (Quba)

2000/01. OİK (Bakı) (İndiki MOİK)

2001/02. “Lokomotiv” (İmişli)

2002/03. Keçirilməyib

2003/04. “Gənclərbirlliyi” (Sumqayıt)

2004/05. AMMK (Bakı) (İndiki AZAL)

2005/06. “Gilan” (Xanlar) (İndiki “Qəbələ”)

2006/07. “Masallı”

2007/08. “Bakılı”

2008/09. ABN-Bərdə

2009/10. “Gəncə” (İndiki “Kəpəz”)

2010/11. “Abşeron” (Bakı)

2011/12. “Qaradağ Lökbatan”

2012/13. “Ağsu”

2013/14. “Araz-Naxçıvan”

2014/15. “Neftçala”

2015/16. “Neftçala”