“Qəbələ” Azərbaycan kubokunun 1/2 final oyununun hazırlıqlarına start verib. FutbolPlanet.Az xəbər verir ki, “qırmızı-qaralar” “Neftçi” ilə aprelin 27-də keçiriləcək səfər oyununa Bakıda hazırlaşır. Topaz Premyer Liqasının XXXI turunun “Xəzər Lənkəran”la səfər matçından (1:0) sonra fasiləsiz hazırlıq keçən komandamız bu gün növbəti məşqini gerçəkləşdirib. “Qırmızı-qaralar” günün ilk yarısında baş tutan məşqdə iki qrupa bölünüb. Son matçın iştirakçıları bərpaedici məşqlə kifayətlənibsə, digər oyunçular topla çalışıb. Sabahkı məşq prosesi də iki qrup üzrə aparılacaq. Birincilər fiziki hazırlıq keçəcək, digərləri meydanda tapşırıqları yerinə yetirəcək. “Qəbələ”nin zədəli futbolçularından Vojislav Stankoviç bu gündən komanda ilə məşq keçibsə, Rafael Santos sabah kollektiv çalışmalara qatılacaq. Dodo, Ermin Zets, Sergey Zenyov, Ruslan Abışov və Vadim Abdullayev isə fərdi hazırlıq keçir.