"Neftçi" klubunun braziliyalı futbolçusu Dario Frederikonun Report-a müsahibəsi:

- Təqribən 3 aylıq karantin dövründən sonra məşqləri bərpa etdiniz. Təəssüratlarınız necədir?

- Bir az qarışıq, qəribə hisslərdir. Əvvəl heç vaxt belə halla üzləşməmişəm. Amma artıq o günlər geridə qaldı. İndi əlimizdən gələnin ən yaxşısını etməliyik ki, tam hazır olaq.

- Komandalara mövsümün geridə qalan hissəsinə hazırlaşmaq üçün 3 həftə vaxt verilib. Sizcə, bu müddət optimal formaya qayıtmaq üçün kifayət edəcək?

- Az da olsa, bu müddət olduqca vacibdir. Verilən vaxtdan əvvəlki formamıza qayıtmaq və rəsmi oyun şəraitinə uyğunlaşmaq üçün maksimum istifadə etməliyik.

- Həftə sonları küçəyə çıxma qadağasına görə komandalar məşq edə bilmirlər. Bu amil futbolçulara necə təsir edəcək?

- Düşünürəm ki, təsir etməyəcək. Çünki onsuz da futbolçuların həftədə bir dəfə istirahət etməsi lazımdır.

- Azərbaycan Premyer Liqasının bərpasını arzulayanlarla yanaşı, mövsümün ləğvini istəyənlər də var. Bu mövzuda hansı fikirdəsiniz və sizcə, hansı qərar daha düzgün olar?

- Hər kəsin öz fikri var. Məncə, bundan sonra çempionatı davam etdirmək çox gecdir.

- Amma nəzərə alaq ki, çempionluq şansınız davam edir. Lider "Qarabağ"dan 8 xal geri qalırsınız. Mövsümün başa çatmasına isə hələ 8 tur var...

- Düzdür. Şans varsa, çempion olmaq üçün sonadək mübarizə aparmaq lazımdır.

- Bu ilin əvvəlində "Neftçi"dən getmək barədə düşünürdünüz. Fikrinizi dəyişməmisiniz?

- Xeyr. Onlar məni burada istəmirlər, mən də "Neftçi"də qalmağı. Çünki oynamıram, bu isə mənə çətinlik yaradır. Ehtiyatda oturmaqdan özüməinamı itirmişəm. Amma yalnız yaxşı təklif olacağı halda, komandadan ayrılacağam.

- "Neftçi"də qalmağınızı niyə istəmirlər?

- Bilmirəm.

- Baqali Dabo, böyük ehtimalla, mövsümün sonunda komandadan ayrılacaq. Bəlkə onun gedişi ilə əsas heyətə yolunuz açılacaq?

- Bəli, Dabonun gedişi gündəmdədir. Amma oynayacağıma heç kim zəmanət vermir. Hətta məni göndərib yerimə başqa oyunçu almaq istəyirlər.

- Təklifləriniz var?

- Yox, hələ ki rəsmi təklif almamışam.

- İyul ayına görə futbolçulara əlavə pul verilməyə bilər. Belə bir hal yaşansa, bu, sizin üçün problem olmayacaq?

- Bu, hər bir oyunçunun özündən asılıdır. Karantin heç kimin günahı deyil. Heç bir öhdəlik yoxdursa, mövsüm başa çatanadək oynamaq daha ədalətli olar.

- Donald Gerye "Neftçi" ilə yollarını ayırdı. Yəqin ki, gedişi sizin üçün də gözlənilməz oldu...

- Bu, onunla klub arasında olan məsələdir. Həmçinin öz qərarıdır. Bu barədə əlavə heç nə bilmirəm.

- Koronavirus pandemiyası ilə bağlı məcburi fasilədən sonra Premyer Liqada ilk oyununuzu səfərdə "Zirə"yə qarşı keçirəcəksiniz. Qarşılaşma ilə bağlı fikirləriniz necədir?

- Çox vacib oyundur. "Qarabağ"a çatıb ilk pilləyə yüksəlmək istəyiriksə, mütləq qalib gəlməliyik.

- Özünüz Bakıda olsanız da, doğmalarınız Braziliyadadır. Ölkədə ümumu vəziyyət necədir, yaxınlarınızdan virusa yoluxanlar oldumu?

- Braziliyada yoluxma və ölüm sayı yüksəkdir. Ailə üzvlərimdən heç kim virusa yoluxmayıb. Amma digər insanların acısını da özümünkü kimi hiss edirəm. Dua edirəm ki, dünya tezliklə bu kabusdan xilas olsun.