“Qarabağ”ın futbolçusu Miçel “El Comercio” nəşrinə müsahibə verib. FutbolPlanet.Az 34 yaşlı ispan yarımmüdafiəçinin müsahibəsini təqdim edir:

 

- 10 il əvvəl Xixon “Sportinq”indən ayrıldığınızı necə xatırlyarısınız?

- Bu, yaxşı fürsət idi. İlk dəfə evimdən ayrıldım. “Sportinq”də xoşbəxt idim, ancaq hər kəs üçün yaxşı seçim idi. Seçim etmək məcburiyyətində idim.

 

- “Sportinq”də qala bilərdiniz?

- Əlbəttə, bu komanda mənim 2-ci evimdir. Sevdiyim klubdur, sevirəm və səvəcəyəm. Bir çox yerdə oynadım, amma amma o mühitin istiliyi ilə başqa bir meydanda hərəkət etdiyimi xatırlamıram. Bundan ötrü darıxıram. Komandada qalmaq olardı, amma “Birmingem”ə transferim hər kəs üçün yaxşı oldu. “Sportinq”in uzun illər sonra La Liqada çıxış etməsini arzu edirəm.

 

- “Birmingem”in 3,3 milyon avroluq təklifi “Sportinq”i cəlb etdi?

- Özümü bu qədər dəyərli futbolçu hiss etməmişəm. Klub “Birmingem”dən yüksək məbləğ istədi. Yeni sahibləri gəldi və bu məbləği ödədi. İngiltərədə karyeram yaxşı alınmadı, amma növbəti illərdə mənə faydası oldu.

 

- Premyer Liqanı necə xatırlayırsız?

- Çox çətin və getdiyim zaman fiziki futbola böyük üstünlük verilirdi. Çox az oynadım və kənardan oyun izləməyim üçün zamanım oldu. Texniki cəhətdən digərlərindən üstün olan iki komanda var idi: “Arsenal” və “Everton”. Ancaq indi vəziyyət dəyişib.

 

- Debütünüz “Stemford Bric”də oldu?

- Bəli. Gözəl və çətin anlar idi. 0:3 hesabı ilə uduzduq. Heyranı olduğum futbolçulardan biri olan Dekunun forması məndədir.

 

- Premyer Liqada qalmadığın üçün əsəbi deyilsən?

- Seçim edən insanam və daha yaxşısını edə biləcəyimi anlayıram. Seçim bir dəfə olur və sənə təcrübə qalır. “Birmingem”ə gedəndə gənc idim. Yunanıstanda isə özümü yaxşı hiss edirdim. İsraildə də yaxşı karyera yaşadığımı deyə bilərəm. İndi isə Azərbaycandayam. Bu, mənim ən yaxşı seçimlərimdən biridir. “Qarabağ”da 5-ci ilimdir və daha 1 mövsümüm qalıb.

 

- Yunanıstanda futbol necədir?

- Çox fərqlidir. Azarkeşlər çılğındır. Futbol onlar üçün qida və həyat kimidir.

 

- Hansı çətin oyunlar baş tutub?

- AEK-in heyətində derbi görüşdə “Olimpiakos”a 0:6 hesabı ilə uduzduğumuz oyun olub. Meydanı tərk etmək üçün əlavə 2 saat gözləmişdik. Bazamız şəhərin kənarında idi. Avtobus azarkeşlərə görə bizi apara bilmədi. Maşınlarımıza da minə bilmədik və evə taksi ilə getmək məcburiyyətində qaldıq. 1 həftə sonra fanat qrupu qaldığımız yerə gəldi. Kapitanla söhbət zamanı bildirdilər ki, avtobusa bir daha minməyə icazə verməyəcəklər. “Olimpiakos”a belə hesabla uduzmağımızı qəbul edə bilmirdilər. Bir müddət taksidən istfadə etdik. İstənilən halda, Yunanıstan çempionatını sevdim. Afina gözəl şəhərdir.

 

- Karyeranızın ən vacib anı hansıdır?

- 2008-ci ildə “Sportinq”in yüksəlişi.

 

- Hətta Çempionlar Liqasından da?

- Bəli, hamısından. Kastelyon olayı mənim üçün özəldir. “Anoeta”da qələbə qazandıq, “Real”ı yendik. Əlbbətə, klubdakı son günüm.

 

- Azərbaycan millisində oynamaq üçün təklif almısınız?

- Xeyr, bu haqda oxudum, amma yalandır. Belə bir məsələ olmayıb.

 

- “Sportinq”ə qayıtmaq ehtimalın olub?

- Xeyr. Olduğum yerlərdə peşman olmamışam. Bütün klublarıma minnətdaram.