Estoniyanın "Tarva Trans" klubunda forma geyinən Nurlan Novruzov FutbolPlanet.Az saytına açıqlama verib. 27 yaşlı oyunçu həm klubundan, həm də millimizdən bəhs edib:

 

"Şükür Allaha, məşqlər yaxşı gedir. Cenk hocanın məşqləri çox maraqlıdır. Əsasən toplarla və taktiki hazırlıq keçir. Biz də komanda olaraq canla-başla işləyirik. İnşallah, tezliklə nəticəsini görəcəyik".

 

Yığmamızın Millətlər Liqasında yer aldığı qrupu dəyərləndirən Novruzov qrupun asan olmadığını deyib: "Qrupumuz asan qrup deyil. Bununla demək istəmirəm ki, bu qrupdan çıxmaq olmaz. Ümid edirəm ki, yekunda qrupdan çıxacağıq. Millət olaraq buna inanmaq lazımdır".

 

Nurlan baş məşqçi məsələsinə də münasibət bildirib: "Məncə, artıq yerli məşqçilərə şans verməyin vaxtıdır. Çünki yetərincə bu işin öhtəsindən gələ biləcək mütəxəssislərimiz var. Düşünürəm ki, millini gənc çalışdırıcıya həvalə etmək lazımdır. Çünki futbol həm taktiki, həm də sürətli oyun üzərində qurulur. Buna görə də Ayxan Abbasov, Samir Abasov, Aftandil Hacıyev kimi məşqçilərə şans vermək lazımdır. Son vaxtlar Rəşad Sadıqovun adı hallanır. Məncə, Rəşad gələcəkdə millinin çalışdırıcısı kimi işinin öhtəsindən layiqincə gələcək. Amma bu an üçün o, "Qarabağ"a və milliyə futbolçu kimi lazımdır. Hazırda futbolumuzun onun təcrübəsinə ehtiyacı var".