Beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi və Dünya Budo Federasiyasının prezidenti qrand-master Eyup Zafer Gökbilen tərəfindən 2018-ci ilin ən yaxşı məşqçisi adına layiq görülən Habil Hümbətovun FutbolPlanet.Az saytına müsahibəsi.

 

İdmana gəlişiniz necə oldu?

İdmana gəlməyimin ilk səbəbi qardaşlarımdır. Məndən böyük qardaşlarımın hamısı idmanla məşğul olub. Onlar karate, kikboks və boksla məşğul olublar. Mən də ilk olaraq karatedən başladım. Daha sonra Mayk Taysona olan marağım mənə boksu sevdirdi. Boksa əməkdar məşqçimiz Nəriman Abdullayevin yanında başlamışam. Azərbaycan çempionatlarında və beynəlxalq turnirlərdə iştirak etmişəm. İdman Akademiyasında oxuduğum dövrdə ölkə çempionu olmuşam. Eyni zamanda, boks turnirlərində dəfələrlə uğurlar əldə etmişəm. Hərbi xidmətdə olduğum 2007-2008-ci illər ərzində hərbiçilər arasında keçirilən yarışda da 1-ci yeri tutmuşam. Hərbi xidmətdən gəldikdən sonra məşqçiliyə başladım. Məşqçilik etdiyim dövrdə tələbələrimdən Avropa və Dünya çempionu olanları var. Abbasqulu Hümbətov, İbrahim Məmmədov, Kamal Şəmşiyev və Məhəmməd Məmmədov. Bu idmançılar Budo Federasiyasının tərkibində keçirilən yarışlarda çempion olublar. 2016-cı ildənFederasiya ilə əməkdaşlıq edirik. 2008-ci ildə yaranan bir qurumdur. 2015-ci ildə Türkiyəyə təşkil olunan Dünya çempionatına getmişdim. Elə tanışlığımız oradan yaranıb. 2016-cı ildə isə qərar verdim ki, onlarla əməkdaşlıq edim. Əməkdaşlıq etdiyimiz müddətdə tələbələrimdən Dünya çempionatının finalçısı və çempionu olanlar olub. Özüm də Budo Federasiyasının keçirdiyi Dünya çempionatında həm məşqçi, həm də idmançı kimi iştirak etmişəm. Yarışda dünya kəmərinin sahibi olmuşam. Həmçinin, tələbələrim də bu turnirdə yaxşı çıxış ediblər.

Sizi ilk dəfə əlinizdən tutub idmana aparan kim olub?

Qardaşım dəstək olub. Evin ən balacası mənəm. Məndən başqa 7 qardaşım var. Qardaşlarımın hamısı idmanla məşğul olub. Ancaq ən ciddi məşğul olan 3 qardaşım olub. Biri kikboksu, biri boksu, biri də karateni seçib. Məni boksa aparan Rəhman qardaşım olub. Mənə dedi ki, vuruşa bilərsən. İlk olaraq məni əməkdar məşqçi, yığma komandanın baş məşqçisi Nəriman Abdullayevin yanına apardı. Nəriman müəllim məşqimi bəyəndi. Qərar verdi ki, məşq keçərik.

Adətən, valideynlər övladlarının təhsilinə daha çox önəm verirlər və istəmirlər ki, uşaqları idmanda zədələr alsın. Bəs, sizdə necə oldu?

Mən həm təhsilimi, həm də idmanımı davam elədim. Hazırda Polis Akademiyasında 2-ci kursda oxuyuram. Yəni, təhsilimi yenə davam etdirirəm. Vaxtım olduqca yarışlara özüm də hazırlaşıram. Əsasən fikrimi tələbələrə yönəltmişəm.

İdmanda ilk uğurunuzu necə xatırlayırsınız?

İlk uğurum Təhsil İdman Mərkəzində keçirilən klub yarışında olub. Birinci döyüşümdəcə rəqibimi ilk raundda nakaut elədim. Açığı, buna görə çox sevinirdim. Çünki ilk dəfə idi rinqə çıxırdım. Məşq başqadır, yarış başqa.

Nə vaxtsa idmanı seçdiyinizə görə peşman olmusunuz?

Yox! Bu günkü gündə əldə etdiyim hər şeyi idmanın sayəsində qazanmışam. Ola bilər başqa bir idman növü olsun. Amma əsas odur ki, idman gözəl quruluş üçün önəmlidir. Düzdür, əlimdə ciddi zədələr var. Boksda ciddi uğurlar qazanmamağımın əsas səbəbi elə əlimdəki zədələrdir. Təsəvvür edin, sağ əlimdə 6 qırıq var. Ona görə də Dünya və Avropa çempionatlarına gedə bilməmişəm. Sadəcə, Respublika turnirlərində çıxış etməklə kifayətlənmişəm. Bir müddət sonra əlimdən müalicə aldığım üçün yarışlardan aralanmışam. Sonra əlimdəki zədəyə görə döyüşə bilməmişəm. Çünki boks üçün sırf əllərdən istifadə olunur. İndi Budo Federasiyasının tərkibində vuruşduğum yarışlar əl və ayaqdan ibarət olduğundan, əlimdə ağrılar hiss edən anda ayağa keçirəm. Peşəkar idman qurban tələb edir. Bu, danılmaz faktdır.

Bir az da Budo döyüş sənətindən danışardınız...

Budonu 2008-ci ildə Faiq Rəfiyev gətirib. 10-cu dan qara kəmər, qrand-master. Burada bir neçə növ var. Onlardan deyə biilərəm, sem kontakt ful kontakt, fri kontakt, lay kontakt, S1, F1, B1 və katalar. B1 qaydasında rinqin içində döyüşürsən. F1 qaydasında isə həm güləş var, həm də yumruq-təpik. Bir sözlə, MMA qaydası. Burada başqa bir neçə idman növü var ki, federasiyanın tərkibindədir. Budo döyüş yolu deməkdir. Hazırda öz klubumla Budo Federasiyası ilə əməkdaşlıq edirəm. Tələbələrim onların yarışlarında iştirak edirlər. Onları həm boks, həm kikboks, həm də budodan olan yarışlara çıxarıram.

Gənclərimizin budoya olan marağı nə qədərdir?

Günü-gündən daha çox maraq göstərirlər. Prezidentimiz cənab İlham Əliyevin idmana göstərdiyi qayğı gənclərimizdə daha çox həvəs yaradır. Çünki idmanda uğur qazandıqdan sonra dövlətimiz tərəfindən çox yaxşı qarşılanırlar, dəstək görürlər. Bildiyiniz kimi, ayın 13-də cənab Prezident ilin yekunları ilə bağlı bir çox idmançılara mənzil və digər mükafatlar təqdim etdi. Buna görə gənclərdə idmana maraq daha çoxdur. Əvvəllər 17-18 yaşlı uşaqlar maraq göstərsə də, indi 6 yaşlı uşaq da idmana can atır. Valideynlər də övladlarının idmanla məşğul olmasında maraqlıdırlar. Budo Federasiyasının son vaxtlar keçirdiyi yarışlar göstərir ki, ölkədə bu idman növünə həvəs daha da artıb. Ayın 8-də əl oyunları sarayında budo üzrə Dünya çempionatı təşkil olundu. Yarışda 500-dən çox idmançı iştirak etdi. Baxırsan ki, balaca uşaqlar da budoya maraq göstərirlər.

Budoda uğur qazanan idmançılarımızdan kimlərin adını çəkə bilərsiniz?

Budoda uğur qazanan idmançılarımız çoxdur. İbrahim Məmmədovu deyə bilərəm. 2 ildir ona dəstək oluram, yarışlara hazırlayıram. Özü polis əməkdaşıdır. Budodan beşqat dünya çempionudur. Son yarışda 2-ci raundda rəqibini nokaut edərək, dünya kəmərinə sahib çıxdı. Avropa və Asiya çempionluğu da var. Daha sonra Abbasqulu Hümbətovu qeyd edərdim. O da Budo üzrə Dünya çempionatında 1 dəfə çempion olub, 3-cü dəfə 2-ci yeri tutub, 1 dəfə də üçüncü yeri tutub. Həmçinin, Respublika və Avrasiya çempionudur.

Hazırda tələbə yetişdirməklə məşğulsunuz. Çətin deyil ki?

Böyük məşqçilərin məşqlərində çox iştirak etmişəm. Onların yetişdirdiyi uşaqlar dünya və avropa arenalarında böyük uğurlar qazanırlar. 22 ildir idmanın içindəyəm. Bildiyim odur ki, hər bir uşağın öz yanaşma tərzi var. Yəni, idman böyük məsuliyyətdir. Hər uşaq ayrı-ayrı evdən gəlir, ona görə də psixologiyaları tamam fərqlidir. Onlara yanaşmaq, dil tapmaq üçün ilk növbədə yoxlamaq lazımdır. Hamısına öz bildiyimiz kimi yaxınlaşsaq, dil tapa bilmərik. Özlərinə uyğun formada dil tapmağa çalışırıq. Balaca uşaqları hazırlamaq asan olmasa da, məsuliyyət tələb edir.

Uğurlu idmançı olmaq üçün nələrə diqqət etmək lazımdır?

Gərək, insan həyatda düzgün rejimə əməl eləsin. Çünki qida və yuxu idmanda önəmli yer tutur. Məşq proseslərində də məşqçinin təlimatına uyğun hərəkət olunmalıdır. Eyni zamanda, idmançı özü də əlavə məşqlər etməlidir. Təkcə məşqçinin təlimatı ilə kifayətlənmək olmaz. İdmanda məqsəd önəmli şeydir. Məsələn, Rafael Ağayevi deyə bilərəm. Onu hər birimiz tanıyırıq. Karatedə dünya rekordunu yenilədi. Əgər onun məqsədi olmasaydı, bir-iki dəfə dünya çempionu olduqdan sonra üstünə düşməzdi. Məqsədi var idi, məqsədinə də çatdı. Hacı Əliyevi deyə bilərəm, güləşdən üçqat dünya çempionudur. Ancaq o, bununla da kifayətlənmir. Davamlı olaraq yarışlara hazırlaşır. Bir sözlə, qarşına məqsəd qoymalısan. Yalnız bununla inkişaf etmək mümkündür. Ulduz xəstəliyinə tutulan idmançılar isə tez də sönür. Elələri həm də özlərinin və məşqçilərinin əziyyətini yerə vururlar.

İdmandan başqa hansısa bir məşğuliyyətiniz varmı?

Daxili İşlər Nazirliyinin əməkdaşıyam. Boş vaxtlarımı yalnız idmana həsr edirəm. Ölkədə ən çox yayılmış şeylərdən biri də çayxanada oturmaqdır. Amma mən belə şeylərdən uzağam. İşdən sonra idmana üstünlük verirəm. Həm tələbə hazırlaşdırıram, həm də özüm məşq edirəm. Çünki daim formada olmalıyıq. Torpaqlarımızın 20 faizi işğal altındadır. Hər zaman torpaqlarımız uğrunda döyüşmək üçün fiziki və psixoloji cəhətdən hazır olmalıyıq.

Son vaxtlar gənclər spirtli içkilərə və siqaretə alüdə olublar. Belə gənclərə nə demək istərdiniz?

İdmandan əlavə, insan özü-özünün həkimidir. Çünki ilk növbədə insan özünə baxmasa, həkim də kömək edə bilməyəcək. Adi siqaretin üzərində də yazılır ki, sağlamlığa zərərlidir. Siqaretdən uzaqlaşmaq üçün idmanla məşğul olmaq kifayətdir. Gəlib zalda 2 saat vaxt keçirsələr, vaxtları olmayacaq ki, siqaret çəksinlər. İşləsə və işdən sonra vaxtını ailəsi ilə keçirsə, siqaret çəkməyə vaxt tapmayacaq. Boş vaxtı çayxanaya həsr edəndə siqaret də çəkərlər, spirtli içki də içərlər. Bunlar insan bədəninə zərərlidir. Bunu tibb də sübut edir. İnsanın öz bədəninə zərər vurması Allah dərgahında da bəyənilmir. Unutmayaq ki, övladlarımız gözünü açıb valideyni özlərinə ən böyük kumir seçirlər və ən böyük dayaq kimi görürlər. Biz də onların qarşısında siqaret çəksək, spirtli içki içsək, fikirləşərlər ki, yəqin, bu, yaxşı şeydir. Bir sözlə, bu, yeni nəsilin yetişməsi üçün çox mənfi bir şeydir. Ailə və uşağı nəzərə alıb, belə pis vərdişlərdən uzaq olsalar, faydasını mütləq görəcəklər.

 

 

 

 

 

 

 

MÜƏLLİF: Elvin Rüstəmov