Peşəkar döyüşçü Aqşin Şhaxtaxtinski'nin FutbolPlanet.Az saytına müsahibəsi.

 

- İdmana gəlişin necə oldu?

- Əslində, 6 yaşımdan güləşlə məşğul idim. Sadəcə, xəstə olduğuma görə, idmandan aralanmalı oldum. Sırf xəstəliyimə görə, çəkim də artırdı. çox hərəkət edə bilmirdim. Təsəvvür edin, 5-ci sinifdə oxuyanda çəkim 110 kiloqram olub. Sırf buna görə idmana başladım. İlk növbədə üzgüçülük və trenajorla məşğul olmuşam. 6-cı sinifdə oxuyanda boksa başladım. 7-ci sinifdə isə MMA-yı seçdim. İlk məşqçim Vilayət Quliyev olub. Ona baxıb daha da motivasiya oldurduq, döyüşmək istəyirdik.

- Nəyə görə məhz qaydasız döyüş?

- Kobud idman növü olduğuna görə. Sözün düzü, küçə davası xoşuma gəldiyindən, bu idman növünə üstünlük verdim.

- Bəs, valideynlərin buna necə reaksiya verdi?

- Sözsüz, valideynlərim seçimimə razılıq vermirdilər. Ancaq bir müddətdən sonra gördülər ki, artıq idmanın içindəyəm, əl çəkə bilmirəm. Belə oldu, birtəhər razılaşdılar.

- Qaydasız döyüşlə yanaşı, başqa hansı idman növü ilə məşğul olmusunuz?

- Bir müddət sonra uşu-sanda kikboksinq versiyası üzrə məşqlərə başladım. Qreppinqlə də məşğul olmuşam. Bu, Braziliya güləşidir. Həmin güləş üzrə 68 kq-da Bakı birincisi olmuşam.

- Bəs MMA-da hansı uğurlara imza atmısan?

- Respublika və Asiya çempionu olmuşam. Asiya çempionatında rəqabət çox böyük idi. Həm də o vaxt 14 yaşım var idi. Qızıl medal qazanmaq üçün əlimdən gələni etdim və yekunda istəyimə çatdım. Əməliyyat olunduğuma görə, bir müddət karyerama fasilə vermişəm. İnşallah, yenidən döyüş meydanlarına qayıdacağam.

- Həm idman, həm də dərslərini çatdıra bilirdinmi?

- Açığı, dərs oxuyan olmamışam. Məktəbdə də yaman davakar idim. Öz əhatəmdə dərsə həvəsli uşaq görməmişəm, hamısı davakar olub. Valideynlərimin ən böyük arzusu o idi ki, oxuyub, savadlı bir insan olum. Amma şükür Allaha, indi valideynlərimin başını aşağı eləmirəm. Hazırda məşqçim Namiq Hüseynovdur. O, çox gözəl insan və məşqçidir. Ondan çox razıyam. Düzdür, ilk müəllim kimi Vilayət müəllimin haqqını yeyə bilmərəm. Ancaq bu dəqiqə üzərimdə əziyyət çəkən məşqçi Namiq müəllimdir.

- İdmanda ilk uğurların hansılardır?

- İlk uğurum üzgüçülükdən olub. Onda da toppuş uşaq idim. Yarışa çıxdım və qalib oldum (gülür). Daha sonra boks turnirlərinin birində çempion oldum. Əsasən MMA-da uğurlar qazanmışam.

- İdmançı karyeranda yadından çıxmayacaq hadisə olubmu?

- Məşqdə nokautlarım çox olub. Elə olub ki, məşq yoldaşımla döyüşmüşük və ikimiz də bir anda nokauta düşmüşük. Məşqçilərimiz ciddi adamlar olduğuna görə, imkan vermirdilər ki, məşqdə çox deyib-gülək. Məşqimizi edib, gedirdik. Yəni, müəllimlər bizə o şəraiti yaratmırdılar ki, biz gülək, yaxud, nəsə artıq hərəkət edək.

- Qaydasız döyüşü seçdiyinə görə, peşman deyilsən ki?

- Yox, heç vaxt! Əksinə, gec başladığıma görə, peşmanam.

- İdmanda kumirin kimdir?

- Qaydasız döyüşdən kumirim olmayıb. Ancaq boksdan Məhəmməd Əli və Mayk Taysonun adını çəkə bilərəm. Uşaqlıqdan Taysonun döyüşlərinə baxa-baxa böyümüşəm. O, hər zaman qabağa gedirdi, ancaq zərbə vururdu və heç nədən çəkinmirdi. İdmanı sevməyimdə Taysonun döyüşlərinin də rolu az olmayıb.

- Üzgüçülük, güləş, boks və sonra qaydasız döyüşlə məşğul olmusan. Bəs nəyə görə, sonuncunun üzərində dayandın?

- Kobud idman növüdür deyə. Qaydasız döyüş əsl mənlikdir. Qaydasız döyüşlə bağlı çox döyüşlərə baxmışam və indi də baxıram. Əsasən Həbibin, Consun döyüşlərinə baxıram. Bir sözlə, əksər döyüşlərə baxıram və hərəsindən bir-iki şey götürürəm.

- İdmandan başqa hansısa bir məşğuliyyətin var?

- Elə də çox yox. Ömrümüzü idmana həsr etmişik. Boş vaxtlarımda dostlarımla çay içirik. Elə adamlar var ki, boş vaxtlarında bolinq, bilyard oynayır. Ancaq bu, mənlik deyil.

- Hansı idmançıları xüsusi fərqləndirərdin?

- Qaydasız döyüşdə bizdə çox güclü uşaqlar var. Nəriman Abbasov, Bəxtiyar Abbasov, Tofiq Musayev. Bu idmançılar xaricdə də öz sözlərini deyiblər. Həmişə də bayrağımızı uca tutublar. Yaşlılardan isə Şəhriyar müəllim, Azad müəllim. Azad Əsgərov kimi döyüşçü hələ görməmişəm. Samir müəllim var, qaydasız döyüşdə bizə çox dəstək olur.

- Bir az da tələbələrinin uğurlarından danışardın...

- Tələblərim çoxdur. Nurlan Salmanov var, Bakı turnirlərinin çempionu olub. Bəzən boksdan da yarışlara çıxarıram. Peşəkar döyüşçü kimi hazırlaşır. Asim adlı tələbəm var, o da yaxşı uşaqdır. Elcan adlı balaca tələbəm var. 25 kq-da çempion olub, gələcəyi parlaqdır.

- Bəs qızlar qaydasız döyüşə nə dərəcədə maraq göstərirlər?

- Sözün düzü, 2-3 dəfə yanıma gəliblər, ancaq qəbul etməmişəm. Açıq danışaq da, biz İslam ölkəsində yaşayırıq, oğlan olan yerdə qız məşq etsə, oğlanların fikri yayınır. Ayrı-ayrı məşq keçməyə də vaxtım olmur. Çünki səhər-axşam məşq olur.

- Həm məşq keçmək, həm də məşq etmək... Çətin deyil ki?

- Çətindir. Cüt günlər tələbələrimə məşq keçirəm, tək günlər isə özüm məşq edirəm. Hətta, olur ki, tələbələrə məşq keçəndə özüm də onlara qoşuluram.

- Elə idmançılar var ki, süni qidalara üstünlük verirlər. Bu barədə nə düşünürsən?

- Baxır necə bir qida qəbul edirlər. Elə qidalar var ki, süni olsa da, orqanizmə lazımdır. Əlbəttə, qadağan olunmuş süni qidalardan istifadə edəndə qazandığın titulu da əlindən alırlar.

- Məşqlərinizə yazılmaq istəyənlər hara müraciət eləsinlər?

- Öz klubumuz var. İnstagramda "Boyçovskiy Klub Borz" adlı səhifəmiz var, ora yazsınlar, cavablandırarıq.

- Sonda qaydasız döyüşlə məşğul olmaq istəyənlərə öz məsləhətlərini ver.

- Cavanları idmana çağırıram. Peşəkar olmasa da, həvəskar səviyyədə məşq eləsinlər. İdman kişinin xarakterini çox düzəldir. Ən azından özünü müdafiə etmək üçün idman vacibdir. Həm də sağlamlıq baxımından önəmlidir. İndiki əksər cavanlara baxıram, birinin əlində içki, birinin əlində siqaret. Bu, düzgün deyil. Pis vərdişlərdən uzaq olmaq üçün ən gözəl vasitə elə idmandır.

 

Müəllif: Elvin Rüstəmov