Uzun fasilədən sonra yenidən millimizə dəvət olunan Rüfət Dadaşov bir neçə açıqlama verib. FutbolPlanet.Az xəbər verir ki, 28 yaşlı hücumçu xoş təəssüratlarının olduğunu söyləyib: "Farer adalarına qalib gəldikdən sonra Malta ilə oyunda xal itirməyimiz bizi üzdü. Bir neçə qol şansından yararlana bilmədim. Baş məşqçimiz Qurban Qurbanovdan haqqımda xoş sözlər eşitdim. Millidə bəzi simaları tanıyırdım. Ancaq yeni adlar çoxdur. Sadəcə, Malta ilə oyunda istədiyimiz nəticəni qazana bilmədik. Rəqib müdafiə olunmaqla kifayətlənirdi. Hələ keçirdiyimiz 4 matçda uduzmamışıq. Kosovo bizdən 2 xal öndədir. Hər şey mümkündür. Robert Prosineçkinin dönəmində yığmaya çağırılmamağıma gəlincə, bu qərar əsl ağılsızlıq idi. Mən özümə yenidən güvənirəm".