Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının püşkatma mərasimindən sonra mətbuat konfransı keçirib. FutbolPlanet.Az həmin müsahibəni təqdim edir:

 

- Birinci divizionda qeyri-müəyyənlik davam edir. Hansı komandalar çempionatda iştirak edəcəklər?

- Hansı klublar çempionatda iştirak etməyəcəklərsə, deməli, onların adı danışılmış oyunlarda hallanır. Divizionda 14 komanda olacaq. 6 komanda müəyyən etməliyik və seçimimizdə səhv etmək istəmirik. Ötən mövsüm “Binə” klubunun rəhbəri deyirdi ki, mən oyunçularla bacarmıram. Hamısı danışılmış oyunlarla məşğul olurdu. Həmçinin də, “Mil-Muğan” klubu. Ona görə də tələsmək istəmirik.

 

- Ötən mövsüm hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyinizi bildirdiniz. Amma yenə də, danışılmış oyunlar davam etdi. Deməli, danışılmış oyunlarda iştirak edənlərin qorxusu yoxdur.

- Ona görə də, limiti dəyişdik, fikirləşdik ki, gənc futbolçu “qara işlər”lə məşğul olmaz. Biz indi də danışılmış oyunlarda bağlı araşdırma aparırıq. O yol kişi yolu deyil. Çalışacağıq ki, bu mövsüm hansısa problem olmasın.

 

- “Xan Lənkəran” diviziona buraxılmamasına etiraz edir. Bu məsələni aydınlaşdırmağınızı istəyirdik.

- Belə klubların ömrü iki ay olur. Belə qərara gəldik ki, “Xan Lənkəran” bir il Region Liqasında mübarizə oynasın. Əgər özlərini sübut edə bilsələr, onlara gələn icazə verə bilərik.

 

- Elxan Məmmədov deyir ki, yeni yaradılmış klub 3 il Region Liqasında oynamalıdır. Hansı ağıllı sponsor 3 il Region Liqasına yatırım edər?

- Axı adıçəkilən komandanın sponsoru bir nəfərdən ibarət deyil. Əgər bir nəfərdən ibarət olsaydı, onları birbaşa qəbul edərdik. Ancaq şübhəli, müəmmalı məsələlər var. “Binə” ötən il gəldi, bir ildən sonra aradan çəkildi. “Xan Lənkəran” bizə bank təminatı təqdim etməyib. Əgər klubu maliyyələşdirən insan olsa, bu, başqa məsələ. Bilmədiyiniz məsələ var.

 

- Topazın Peşəkar Futbol Liqası ilə müqaviləsinin dəyəri nə qədərdi?

- 600 min. Amma bu puldan klublara nəsə çatmır. Çünki bu, bizə də çatmır. Bu məbləğ bizim bir illik büdcəmiz deyil.

 

- Bu il hakimlərin təlim-məşq toplanışı olmadı. Bu, problem olmayacaq?

- İnanırıq ki, olmaz. Öhdəsindən gəlməyə çalışacağıq.

 

- Oyunlar arasındakı fərq neçə saat olacaq?

- 3 saat etmək fikrimiz var. Oyunlar qışa qədər şənbə, bazar günlərinə nəzərdə tutulub. Lakin millinin oyunlarına görə dəyişlik edə bilərik.

 

- Bəzən çempionatın ortasında millinin oyunlarına görə 2-3 həftəlik fasilə olur. Eyni hal bu mövsüm də təkrarlanacaq?

- Millinin baş məşqçisi ilə danışmışıq, elə də öhdəlikləri yoxdur. Maksimum bir həftə fasilə olacaq. Millinin oyunlarını üst-üstə gəlsək, 2 ay fasilə olacaq. Milliyə görə dözmək olar, təki nəticə olsun.