İyunun 12-də saytımızın həvəskar komandalar arasında təşkil etdiyi mini-futbol çempionatında ("FP Liqa"da) ilk mövsümə yekun vurulacaq. FutbolPlanet.Az xəbər verir ki, həmin gün çempionatın həlledici görüşləri baş tutacaq.

Meydançaya ilk olaraq 3-cü yer uğrunda mübarizə aparacaq "Kristal" və "Old Baku" komandaları çıxacaq. Yarımfinalda "Airswift-Milan"a uduzan "Kristal" kollektivi bu məğlubiyyəti unutmaq üçün son matçında qalib gəlməyi və mükafatçılar sırasına düşməyi hədəfləyir. Eyni sözləri "Old Baku"ya da aid etmək olar. Çempionatın favoritlərindən hesab olunan, lakin yarımfinalda gözlənilmədən "Sintra"ya uduzan çay evinin komandası da 3-cü yeri tutmaqla, özünə təsəlli tapmağa çalışacaq. Sözügedən komandaların qrup mərhələsində keçirdiyi oyunlarda "narıncılar"ın üstünlüyü nəzərə çarpır - 5:4, 1:1.

Və ən nəhayət, "FP Liqa"nın final qarşılaşmasında "Airswift-Milan"la "Sintra" oyunçuları üz-üzə gələcək. Final matçının favoriti "Airswift-Milan" komandası sayılır. Lakin "Sintra"nı da hesabdan silmək olmaz. Hər halda, ilk dövrədə uğursuz nəticələrə imza atmasına baxmayaraq, ikinci dövrədə göstərdiyi performansla çoxlarının diqqətini özünə cəlb edən Sintra şirkətinin təmsilçisindən ehtiyatlanmaq lazımdır. Bu komandanı çempionatın gizli favoriti adlandırsaq, heç də yanılmarıq. Finalçıların qrup mərhələsindəki mübarizəsinə gəlincə, burada 6:6 və 3:2 hesablı nəticələr qeydə alınıb ki, bu göstərici ilə "Airswift-Milan" rəqibini qabaqlayır. Nəticələrdən də göründüyü kimi, "Sintra" kollektivi revanş almaq üçün çox gözəl fürsət yaxalayıb ki, qalır bu fürsətdən maksimum yararlanmaq. Sonda kimin çempion olacağı 50 dəqiqənin sonunda, bəlkə də əlavə vaxtda və ya penaltilər seriyasında bilinəcək.

 

12 iyun (bazar günü)

FP Liqa-2015/2016 mövsümü

 

3-cü yer uğrunda oyun

14:00. "Kristal" - "Old Baku"

Bakı, AzFar (Azadlıq metrosunun yanı)

 

Final oyunu

15:00. "Airswift-Milan" - "Sintra"

Bakı, AzFar (Azadlıq metrosunun yanı)

loading...