“Qəbələ” Premyer Liqanın XVI turunda “Zirə” ilə ev oyunundan sonra aqressiv hərəkətlərə yol verən futbolçuları Qismət Alıyev və Cavid Hüseynovu cəzalandıracaq. FutbolPlanet.Az xəbər verir ki, bu barədə “report”a "qırmızı-qaralar"ın vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. O, bildirib ki, futbolçular daxili nizam-intizam qaydasına uyğun olaraq cəza alacaqlar: “Lakin onların cəzası elə də ağır olmayacaq”.

F.Nəcəfov AFFA İntizam Komitəsinin (İK) çıxardığı qərarlardan apellyasiya verməyəcəklərini əlavə edib. Hüseynov "Qəbələ"nin kapitanı, Qismət Alıyev isə müdafiəçisidir. İK “Qəbələ” – “Zirə” matçında baş verənlərlə bağlı bir sıra qərarlar qəbul edib. Qonaqların baş məşqçi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyi üçün 5 oyunluq cəzalanıb, klub 4000 manat ziyana düşüb. Baş məşqçiyə verilmiş 5 oyunluq cəzanın 3 oyunu şərti tətbiq edilib və 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində o, yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək. “Qəbələ”nin futbolçuları Qismət Alıyev və Cavid Hüseynov, “Zirə”nin legionerləri Riçard Qadze və Sadio Tounkara aqressiv hərəkətlərə yol vermələri səbəbindən 2 oyunluq cəzalanıb, hər iki klub 3200 manat cərimə olunub. Qəbələ klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimələnib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq. Meydan sahiblərinin məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib.