Coca-Cola şirkəti FIFA Dünya çempionatının kubokunu 4-cü dəfə dünya turuna götürür və futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə nümayiş etdirmək üçün sabah kuboku Bakıya gətirəcək. FutbolPlanet.Az xəbər verir ki, FIFA Dünya çempionatı kubokunun Azərbaycana səfəri “Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur. Dünya Kuboku 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə sabah səhər saatlarında xüsusi təyyarə ilə Bakı şəhərinə gətiriləcək. Yerli KİV nümayəndələri üçün mətbuat konfransı saat 11:00-da Hilton otelində keçiriləcək. Sonra kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər.