Topaz Premyer Liqasının 2017/18 mövsümünün qış çempionu müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, ilk yarının son turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edən “Qarabağ” 2017-ci ili zirvədə başa vurub. Ağdam təmsilçisinin “Səbail”lə təxirə salınan oyunu qalsa da, 34 xal toplayan Qurban Qurbanovun yetirmələri qış fasiləsinə hamıdan öndə yollanıb. Bu, “Qarabağ”ın ardıcıl 5-ci, ümumilikdə 6-cı qış çempionluğudur. Ağdam təmsilçisi liderliyini sonadək qoruya bilmədiyi 2004/05 mövsümündə, həmçinin sonda qızıl medallar qazandığı 2013/14, 2014/15, 2015/16 və 2016/17 mövsümlərində də qış fasiləsinədək olan bölümü 1-ci pillədə başa vurub.

Qeyd edək ki, payız-yaz sistemi üzrə keçirilən 24 mövsümdə “Neftçi” 7, “Qarabağ” 6, “Kəpəz”lə “Keşlə” hərəyə 3, “Xəzri”, “Şəmkir”, “Karvan”, “Şüvəlan” və “Xəzər Lənkəran” 1 dəfə fasiləyə lider kimi yollanıb.

loading...