Topaz Premyer Liqasında 2017/18 mövsümünün 100-cü qolu vurulub. FutbolPlanet.Az xəbər verir ki, yubiley qolu turun açılış matçına təsadüf edib. “Qarabağ” – “Sumqayıt” görüşündə (2:0) hesabı açan Riçard Almeyda bu qolun müəllifi olub. Braziliyalı yarımmüdafiəçi 41-ci dəqiqədə fərqlənib. İlk 11 turda 99 qol vurulduğundan yubiley XII turda yaşanıb. Bu top həm də Bakı Olimpiya Stadionunda vurulan ilk qol olub. Belə ki, Azərbaycanın ən böyük idman qurğusu ilk dəfə çempionat oyununu qəbul edib. Bununla da Bakı Olimpiya Stadionu Azərbaycan çempionatları tarixində qarşılaşmalara ev sahibliyi edən 61-ci arena kimi tarixə düşüb. Belə ki, 25 illik tarixə malik yarışın matçları bunadək 60 müxtəlif stadionda baş tutmuşdu.

Xatırladaq ki, mövsümün ilk və 50-ci qollarını da “Qarabağ” vurmuşdu. Hər iki halda Mahir Mədətov fərqlənmişdi. O, avqustun 11-də “Neftçi” ilə səfər görüşündə (3:1) ilk, sentyabrın 22-də “Sumqayıt”la ev qarşılaşmasında (3:1) 50-ci qolun müəllifi olmuşdu. Eyni rəqiblərin 56 gündən sonra keçirilən matçında növbəti yubiley gerçəkləşib.

loading...