"Neftçi” Topaz Premyer Liqasının 12-ci turunda qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir. FutbolPlanet.Az xəbər verir ki, zədəsini sağaldan qapıçı Səlahət Ağayev də komanda ilə məşqlərə qoşulub. O, təəssüratlarını Neftçi TV ilə bölüşüb: "Belə bir ağır zədədən sonra həkimlər qərara gəldilər ki, əvvəl yoxlasınlar, əgər əzələdə irəliləyiş varsa, əməliyyata ehtiyac olmasın. Şükürlər olsun, əməliyyata ehtiyac qalmadı və klubun dəstəyi ilə Türkiyədə müalicə aldım. Bakıya dönəndən sonra klub həkimləri, sağ olsunlar, zədədən qurtarmaq üçün kömək etdilər. Hər şey qaydasındadır, artıq üç gündür komanda ilə birgə məşqlərə çıxıram. Bu cür zədə ilə komandadan kənarda qalmağı heç bir idmançıya arzulamıram. Bu, çox çətindir. Belə getsə, yaxın zamanlarda tam hazır olub, komanda ilə var gücümlə məşq edəcəm. Qələbələrdən sonra komandada istək, ruh yüksəkliyi var. Çempionatın sonuna çox var, düşünürəm ki, belə davam etsək, arzuolunan nəticəni qazana bilərik".

loading...