İspaniya La Liqasına sonuncu vəsiqə uğrunda pley-off oyunları keçirilir. FutbolPlanet.Az xəbər verir ki, ötən gecə həlledici oyuna vəsiqə qazanan ikinci komanda da bəlli olub. Yarımfinalda qarşılaşan "Tenerife" ilə millimizin futbolçusu Eddi İsrafilovun şərəfini qoruduğu "Kadis"in cavab görüşü daha gərgin alınıb. Bu komandalar arasında baş tutan ilk oyunda futbolçumuzun komandası doğma meydanda minimal hesablı qələbəyə sevinmişdi. Cavab görüşündə isə "Tenerife" oxşar hesabla qalib gəlib. Bu üzdən də matç əlavə vaxta gedib. Lakin artırılan yarım saatda da başqa qol olmayıb. Belə olan halda yarışın əsasnaməsinə uyğun olaraq, İspaniya ikinci liqasında mövsümü 5-ci yerdə başa vura "Kadis"dən daha üst pillədə (4-cü) qərarlaşan "Tenerife" finala yüksəlib. Eddi bu matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib. Digər yarımfinal cütündə "Xetafe" "Hueska"nı üstələyib (səfərdə 2:2, evdə 3:0). Beləliklə, La Liqaya son vəsiqə uğrunda "Xetafe" və "Tenerife" mübarizə aparacaq. Tərəflər arasındakı ilk oyun iyunun 21-də, cavab görüşü isə ayın 24-də baş tutacaq.