Картинки по запросу Media komitesi logo

AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az və FutbolPlanet.Az saytlarının birgə layihəsi çərçivəsində, Qəbələ U-15 komandasıyla qızıl medal qazanan baş məşqçi Famil Xəlilovla uşaq futboluyla bağlı mövzusunda həmsöhbət olduq.

Uşaq futbolu ilə layihəmizi davam etdiririk. Bu dəfə də uşaq futboluna daha çox yer verməyə çalışdıq. Xüsusən, aşağı yaş qruplarını diqqətdə saxlayırıq. Artıq aşağı yaş qruplarında turnirlər, çempionatlar başa çatıb. Mükafatçılarda bəllidir. Bu mövsüm komandalar arasında daha çox diqqət çəkən “Qəbələ Futbol Məktəbi” oldu. Bir neçə yaş qrupunda “Qəbələ” çempionluq və gümüş medallar qazandı. Qızıl medallar sırasına adını yazdıran aşağı yaş qruplarından biri də “Qəbələ”nin U-15 komandası oldu. Fərrux Xəlilovun komandası turnirin başa çatmasına bir tur qalmış çempion oldu. Bu qədər diqqət çəkən uşaqlardan ibarət aşağı yaş qrupunun baş məşqçisi Famil Xəlilovla danışmaq və müəyyən məsələlərə aydınlıq gətirməyə çalışdıq.
Famil bəy, artıq çempionsunuz. Sumqayıtla ehtiyada qalan bir oyunda qalib gəlməklə, turnirin başa çatmasına bir tur qalmış çempion oldunuz. Baş məşqçi olaraq nələr söyləyə bilərsiniz?

Çox gərgin və maraqlı bir çempionat keçdi. Lakin statistikaya və turnir cədvəlinə baxsanız, görərsiniz ki, “Qəbələ”nin cəmi bir məğlubiyyəti var. Bu, komandanın stabil oynamasının göstəricisidir. Ancaq çempionluqda önəmli olan futbolçularımın bir neçəsinin milli komandalara dəvət almasıdır. Çox gərgin bir turnir keçdi. Sonluq bizim üçün gözəl və uğurlu oldu.

Aydın məsələdir ki, çempion oldunuz. Bəs komandanın mövsüm boyu çatışmayan cəhətlərini, problemlərini görə bildinizmi? Əgər varsa, hansılar olduğunu söyləyə bilərsiniz?

Mən iki ildir ki, U-15 komandasını çalışdırıram. Bir baş məşqçi olaraq uşaqlar nə istədiyimi daha yaxşı başa düşürlər. Düzünü deyim, keçən ilə nisbətən, bu il işim daha rahat oldu. Amma yenə də müəyyən çatışmazlıqlar var. Düşünürəm ki, bu çatışmazlıqlar futbol klublarında daim olur. Sadəcə, vaxtında müdaxilə edib, səhvlərini düzəltməlisən.

Bir qədər əvvələ qayıtmaq istərdim. Xəbərimiz var ki, “Qəbələ” yaranan gündən bu futbol məktəbində çalışmısınız. Gəlişinizin necə baş tutması və gəlişinizdən sonra nə kimi yeniliklər gətirdinyiniz haqda danışmağınızı istərdim...

Bəli, klub yarandığı gündən burda xidmət edirəm. Ümumiyyətlə, ölkəmizdə komandaların fiziki cəhətdən çox zəif olması, hər zaman problem olub. İlk növbədə bununla bağlı işlər gördük. Məsələn, 2 il əvvəl U-15 komandasını baş məşqçi olaraq götürəndə fiziki cəhətdən çox axsayırdılar. Buna beynəlxalq turnirlərdə şahid olurduq. Lakin bu fiziki göstəricilərin bərpası üçün Bakı zonasından başladıq. Özü də U-14 komandası ilə məşğul olduq. Mən sizə deyim ki, artıq bu ildən zəhmətimizin bəhrəsini görməyə başlamışıq. Turnir boyu Qarabağ, Vətən, Sumqayıt, Neftçi və sairə güclü klublarla oyunlar keçirdik. Həmin köklü klublarla oyunlar uşaqlara həm fiziki, həm də psixoloji baxımdan çox müsbət təsir göstərdi.

Avropa futbolunda uşaq futbolçulara və onların inkişafına xüsusi diqqət yetirilir. Psixoloji, taktiki, sistemli təlimlər keçirilir. Ümumiyyətlə, Avropadan uşaq futbolu ilə bağlı yenilikləri “Qəbələ”yə gətirə və tətbiq edə bilmisinizmi?

Öncə onu deyim ki, Qəbələ Futbol Akademiyasının bir sistemi var ki, bu sistem üzərində çalışılır. Aşağı yaş qruplarından tutmuş, U-17-yə qədər, həmin sistem üzərində çalışırıq. Yetirmələrimizə sistemli şəkildə oynamağı və müəyyən taktiki gedişləri öyrədirik. Düzdür, çatışmayan cəhətlərimiz var ki, Avropadan geri qalırıq. Məsələn, bu yaxınlarda Yunanıstanda turnirdə olduq. Bizim uşaqların fiziki göstəricilərinin aşağı olduğuna şahid olduq. Xüsusən də, boy ölçüləri çox fərqli idi. Onlar daha güclü və boylu-buxunlu idilər. Görüntü olaraq, çox balaca qalırdıq. Lakin bir şeylə təsəlli tapdıq. Həmin komandalarla uşaqlarımız demək olar ki, başa-baş mübarizə apardı. Fiziki göstəriciləri bizdən yüksək olan rəqiblərimizin bir çoxuna, texniki və taktiki cəhətdən qalib gələ bildik. “Partizan” və “Panatinaykos”, “Tirana” ilə oyunda uşaqlarımız özlərini yüksək səviyyədə göstərməyi bacardılar.

Bəs niyə bizim futbol akademiyalarında belə boylu–buxunlu və fiziki göstəriciləri yüksək olan futbolçular azdır? Bir baş məşqçi olaraq seleksiya zamanı nədən bu tip uşaqlara üstünlük vermirsiniz?

Bilirsiniz, Avropada uşaq futbolçuların seleksiyası zamanı seçimləri çox böyük olur. Avropada futbola daha çox meyillilik var. Məhz bu üzdən fiziki göstəriciləri yüksək olan uşaqlar götürülür. Lakin mən tam olaraq hər şeyi boy-buxunla bağlamazdım. Bu turnir mənim fikirlərimi tam təsdiqlədi. Yəni, komandamız və uşaqlarımızla bağlı müsbət fikir formalaşdı. Fikirləşdiyimiz şeylər oldu. Boyu balaca olan uşaqlarımız vardı ki, texniki və taktiki cəhətdən yaxşı təsir bağışladılar. Əvvəl elə bilirdik ki, rəqiblərinin arasında əziləcəklər. Lakin gördük ki, elə deyil. Əsas ağıl, texnika və surətdir. Bu amil bizim uşaqlarda var. Uşaq futboluna daha çox diqqət ayrılmalıdır. Və bilirsiniz ki, ölkəmizdə futbol olub. 

Qeyd etdiniz ki, seleksiya zamanı seçimləriniz az olur. Buna səbəb nəyi göstərərdiniz? Valideynlər uşaqlarını akademiyalara etibar etmirlər, yoxsa necə?

Bölgələrimizdə klublarımızın sayı azdır. Baxın, Premyer Liqada cəmi 8 komanda çıxış edir. Klublarımızın sayı çox olsa, həmin klubların uşaq klubları da məcbur olmalıdır. Digər tərəfdən, bölgələrimizdə futbol akademiyalarının demək olar ki, yoxluğu qabarıq şəkildə görünür. Hər bölgədə uşaq futbol məktəbləri olarsa, həmin valideynlər daha uzaq məsafə qət edib, uşaqlarını paytaxta və ya digər bölgələrə göndərməzlər. Bizim mentalitetimiz hər kəsə məlumdur. Yəni, valideynlər istəmirlər ki, uşaqları gözlərindən uzaqda olsunlar. Hər bölgədə futbol məktəbi olarsa, valideynlər yaşadıqları ərazidə uşaqlarını rahatlıqla futbol məktəblərinə yazdırar. Bilirsiniz ki, həmin uşaqlar illərlə futbol akademiyasında qalırlar. Bəlkə də uşaq futbol məktəblərində heç yer tapılmaz. Belə olan halda seleksiya seçimi bizdə də çox yüksək olar və Azərbaycan futboluna daha çox istedadlı futbolçular bəxş edə bilərik. Düzdür, yaşca çox balaca uşaqları gətirmək olmur. Yəni, ata və anasından ayırıb, gətirmək çətin olur. Həmin uşaq tam öyrəşənə qədər, biz məşqçilər çox əziyyət çəkirik.

Famil bəy, hansı kateqoriyaya məxsus məşqçisiniz? “Qəbələ” Uşaq Futbol Məktəbində indiyədək hansı naliyyətlərə imza atmısınız?

Qeyd edim ki, A kateqoriyalı bir məşqçiyəm. “Qəbələ”də indiyənə kimi çalışdığım bir dövrdə müxtəlif naliyyətlər qazanmışam. İşlədiyim illər ərzində U-17 (2 qızıl medal), U-17-də (2 gümüş medal), U-16-da (gümüş medal), Qazaxıstanda beynəlxalq turnirin qalibi olmuşam. U-14 (Baksel Kubokunun qalibi) U-15 Liqanın qalibi olmuşam. Maşallah, nəticələrim pis deyil. Lakin mənim üçün əsas bu deyil. Əsas məsələ yaxşı və istedadlı futbolçular yetişdirməkdir.

U-15-in baş məşqçisi olaraq, turnirə başlamadan öncə rəhbərlik qarşınıza çempionluq məqsədi qoymuşdu, yoxsa tam başqa bir strategiya həyata keçirirsiniz? 

Rəhbərlik qarşımıza sırf olaraq çempionluq məqsədi qoymayıb. Rəhbərliyin ilk olaraq üstünlük verdiyi amil, futbolumuzun inkişaf etməsidir. Yəni, akademiyadakı futbolçuların inkişafı xüsusi rol oynayır.

Bu qədər perspektiv vəd edən uşaqlar görürsünüz. Niyə bir Avropada çıxış edə biləcək futbolçumuz yoxdur? Ermənistanın belə Mixtaryanları var. Bu çatışmazlığımızı nə ilə izah edərdiniz?

İlk növbədə akademiyalarımızın sayını artırmaq vacibdir. Yəni, daha çox Avropa səviyyəli futbolçuların çıxmasına böyük təkan ola bilər. Qəbələ Akademiyası kimi futbol məktəbləri olarsa, nələrəsə nail olmaq olar. Bundan başqa, çempionatımızın səviyyəsindən də çox şey asılıdır. 8 komanda olan çempionatda çıxış edən futbolçudan Avropa səviyyəli oyunçu yetişməz. Bu amillərə diqqət yetirsək, yaxşı nəticələr alarıq. Klubların sayı mütləq artırılmalıdır.

Qəbələ Futbol Akademiyasında rəhbərliyin yaratdığı şəraitdən razısınızmı?

Bizim şəraitimiz çox yüksəkdir. Çünki digər Avropa klublarının bazalarına gedib ordakıları da görürük. Baza, təşkilatçılıq baxımından onlardan heç də geri qalmırıq. Müəyyən vaxt lazımdır ki, uşaqları yüksək səviyyəyə çatdıraq. Yəni, rəhbərliyin yaratdığı şəraitdən tam razıyam.

Bu illər ərzində baş məşqçi olaraq müxtəlif milli komandalar, Premyer Liqa klublarına kimləri bəxş edə bilmisiniz?

Bu Futbol Akademiyasından çıxan futbolçular çoxdur. Tərzin Cahangirov, Amil Yunanov. Murad Musayev, Qismət Aliyev, Roman Hüseynov, Ehtiram Şahverdiyev, Yusif Nəbiyev, Kamal Mirzəyev. Bax, bu futbolçuları misal göstərə bilərəm. Hal-hazırda U-15 komandamın 7-8 nəfər futbolçusu artıq milli komandaya daim cəlb olunan uşaqlardır. Çempionluq yaşayan komandanın 8 futbolçusu milli komandaya cəlb olunur. Bütün yaş qruplarında istər milli, istər klublar olsun, Qəbələ Futbol Akademiyasının futbolçuları çoxluq təşkil edir.

Bu gün uşaq futbolundakı zədə ilə bağlı durum nə yerdədir? Buna səbəb olan başlıca problem nədədir?

Futbolda zədələr qaçılmaz olur. İstər uşaq, istərsə də, böyüklər olsun. Lakin bu zədələrin az və çox olmasında problem var. Uşaq futbolunda ilk növbədə zədələr süni meydançalarda baş verir. Süni meydançalarda turnir boyu futbol oynamaq həm uşaqları zədələyir, həm də fiziki cəhətdən çox yorur. Əzələlər tab gətirə bilmir. Məhz bu problemlərin aradan qalxması uşaq zədələrinin sayını kəskin azaldar. Eyni zamanda, futbolçuların fiziki göstəriciləri daha yüksək olar.

Bir məşqçi olaraq futbolumuzda nəyi fərqli görmək istərdiniz? Yəni, məşqçi olaraq nələrin olmamasını və rahat çalışmağınızı istərdiniz?

Bilirsiniz, məşqçilik çox çətin bir peşədir. Onun işinə müdaxilə etmək düzgün olmaz. Arzum odur ki, uşaqlarını akademiyaya yazdıran, həvalə edən uşaqların valideynləri, məşqçilərin işinə müdaxilə etməsinlər. Daha çox valideynlər öz övladlarını futbola cəlb etsinlər. Lakin məşqçilərin işinə kənardan müdaxilə etməsinlər. Bəzi hallarda stadionlarda valideynlər məşqçilərin işinə qarışır. Görürsən ki, uşağına qışqırır ki, belə et. Məşqçi bir şey deyir, valideyn başqa bir şey. Uşaq da çaş-baş qalır, bilmir kimin dediyini etsin. Bax, bu çatışmazlıqlar olmasa, məşqçilər daha rahat çalışarlar. Bizdə belə amillər demək olar az olur. Elə sizin sayt vasitəsi illə valideynlərə buradan müraciət edirəm. Hörmətli valideynlər, əgər uşaqlarınızı futbol akademiyalarına, məşqçilərə etibar etmisinizsə, onların işlərinə qarışmayın. Məşqçilərə inanın. Bax, onda istədiyiniz uğuru əldə edəcəksiniz. Sadəcə, sona qədər səbrli olun.

Əli HƏYATİ

loading...